Allahın Həvarisi: Paulun macəraları
Şeril Odden
Şaul atını daşlı yollarla çapa-çapa gedirdi. O, arxaya çevrilib onunla birgə Dəməşq şəhərinə gedən kişilərə baxdı və özündən razı halda yəhərdən asılmış kisəsini tumarladı.
“Hə!” — Şaul düşündü. — “Nəhayət, biz Məsihin davamçılarından birdəfəlik canımızı qurtaracağıq!”
Şaul və onun adamları Yerusəlimin dörd bir yanında məsihçiləri təqib edib zindana atırdı. O, zorla məsihçilərin evlərinə girir, qəddarcasına onları həbs edirdi. Bu xəbəri eşidən Məsihin davamçıları Dəməşqə qaçırdılar. Şaul yolda gedərkən qəflətən bir işıq gördü. Bu, İsa idi.
Sonralar Paul adlanan Şaul indi başqa bir insandır. O, artıq məsihçiləri təqib edib onları zindana atmır. O, bir-bir ölkələrə səyahət edir, insanlara İsa Məsihin Allah Oğlu olduğunu danışır.
Paulun danışdıqları adamların çoxunun xoşuna gəlmirdi. Onu həbs etməyə, hətta daşlayıb öldürməyə çalışırdılar. Amma bütün bu sınaqlar cəsur həvarini yolundan saxlamadı. O, İsa Məsih barədə danışmağa davam etdi. Təqiblər isə Müjdənin daha uzaqlara yayılmasına səbəb oldu.
Sizin indi oxuyacağınız hekayə Paulun müjdəçilik səfərlərindən söz açmır. Bu, Paulun bir çox xalqa Xoş Xəbəri çatdırmaq uğrunda yaşadığı təqib, sınaq, əziyyətlər, eləcə də hər bir çətinliyin cəsur müjdəçi qarşısında Məsihdən danışmaq üçün açdığı yeni imkanlar haqqında hekayədir.
İsa Onun adı uğrunda əzab çəkməyin məsihçi həyatının bir hissəsi olması barədə Öz şagirdlərinə xəbərdarlıq etmişdi. Biz əziyyətlərlə üzləşmək istəmirik, amma onlar bizim həyatımızda baş verir. Qoy Paulun Məsih uğrunda əzablarının hekayəsi, iman uğrunda yaxşı mübarizə aparmaqdan ötrü Məsihin vəd etdiyi güc ilə sona qədər imanı saxlamaq üçün sizi və uşaqlarınızı ruhlandırsın (2 Timoteyə 4:7)!